Göyçayda sahibkarlara güzəştli kredit verilib
8.12.2017

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.

Nazirlikdən verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu bu sahədə növbəti işgüzar forumunu Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində keçirib.

Forum çərçivəsində Fond tərəfindən Göyçay rayonunun iqtisadi potensialına uyğun olaraq, startap layihələrin maliyyələşdirilməsi, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq, istixana, quşçuluq və çəltikçilik təsərrüfatlarının, meyvəqurutma müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və bu ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2017-ci ilin ötən dövrü ərzində 1850-dək sahibkarlıq subyektinin ümumi dəyəri 500 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 121,7 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla ümumilikdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 13500-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 545 milyon manat güzəştli kredit ayrılıb.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 4,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, heyvandarlıq, bağçılıq, aqroparkın yaradılması, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Tədbir çərçivəsində Göyçay rayonunun Ləkçıplaq kəndində güzəştli kredit ayrılmış logistika mərkəzinə baxış keçirilib.

Qeyd edək ki, son illər ümumi dəyəri 355 milyon manat olan 51 logistik mərkəzin yaradılmasına 163,5 milyon manat güzəştli kredit verilib.

trend.az