İrəvan teatrının bölgələrə qastrol səfərinin birinci mərhələsi başa çatıb
11.12.2017

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivinin bölgələrə qastrol səfərinin birinci mərhələsi başa çatıb.

Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

Onun sözlərinə görə qastrol səfər Mədəniyyət və Turizm Nazirliyi ilə yerli icra hakimiyyəti orqanlarının birgə həyata keçirdiyi “Biz narkomaniyaya yox deyirik!” teatr layihəsi çərçivəsində reallaşıb. Dekabrın 4-dən başlayan və beş gün davam edən qastrol səfərində teatrın kollektivi Marat Haqverdiyevin “Məhəbbət və ağ ölüm” tamaşasını təqdim edib. Yaradıcı kollektivin böyük zəhməti sayəsində İmişli, Sabirabad, Samux, Goranboy, Balakən, Laçın, Bərdə və Lənkəran rayonlarında nümayiş olunan tamaşa teatrsevərlərin yaddaşında silinməz izlər buraxıb.

Xatırladaq ki, layihənin rəhbəri İftixar Piriyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.

Tamaşada rolları Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Əmrulla Nurullayev, Sevinc Hüseynova, Tural Xəlilzadə, Ruhiyyə Eyvazova, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev və Niyaməddin Səfərəliyev ifa ediblər.

Qeyd edək ki, teatrın növbəti qastrol səfəri dekabrın 19-dan başlayacaq.

azertag.az