Moldovada azərbaycanlı rejissorun rəhbərliyi altında "Qiymətli Pamela" tamaşasının premyerası keçirilib
11.12.2017

Moldovanın Çıdır-Lunqa şəhərində D.Tanasoğlu adına Qaqauz Milli teatrında istedadlı azərbaycanlı rejissor Tural Mustafayevin rəhbərliyi altında qaqauz dilində amerikalı dramaturq Con Patrikin "Qiymətli Pamela" tamaşasının premyerası keçirilib.

Azərbaycanın Moldovadakı səfirliyindən bildiriblər ki, tədbir Moldovanın mədəniyyət nazirliyi, Qaqauz Muxtar ərazi vilayətinin rəhbərliyi və səfirliyimizin dəstəyi ilə təşkil olunub.

Tamaşanın süjeti yarımdağılmış evin zirzəmisində yaşayan yaşlı tənha qadına həsr olunub. Günlərin birində qadının evinə biznesmen kimi təqdim olununan, qadını öldürmək fikri ilə üç dələduz girir. Lakin, sevgi, inam və bu qadının ümidi onların planlarını dağıdır, fikirlərindən daşındırır və həyata başqa cür baxmağa məcbur edir. Amma artıq hamı üçün hər şey müvəffəqiyyətlə bitmək üzrə olduğunu zaman, qəhrəmanların həyatında yeni hadisələr ortaya çıxır.

Sonda Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun iştirakçılara təbrik məktubu oxunub.

Moldova Respublikası Qaqauz Muxtar ərazi vilayətinin rəhbəri İrina Vlax çıxışında Azərbaycan rəhbərliyinə Qaqauz Muxtar ərazi vilayəti ilə əməkdaşlığa görə təşəkkürünü bildirib. Qeyd edib ki, Qaqauziyanın Çıdır-Lunqa şəhərində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən mədəni-tədris mərkəzinin layihəsi Moldova Respublikası, o cümlədən Qaqauz Muxtar ərazi vilayəti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Sonda İrina Vlax D.Tanasoğlu adına Qaqauz Milli Teatrının yaradıcı kollektivini, o cümlədən azərbaycanlı rejissor Tural Mustafayevi teatrın 20 illik yubileyi münasibətilə Qaqauz Muxtar ərazi vilayətinin diplomları ilə təltif edib.

Qeyd olunub ki, İ.Vlax bu diplomu Tural Mustafayevə gələn il Moldova ilə Azərbaycan arasında hökumətlərarası komissiyanın növbəti iclasında iştirak etmək üçün Bakıya səfəri zamanı təqdim edəcək.

azertag.az