Bu il Azərbaycandan 140 milyon dollarlıq tomat ixrac edilib
19.12.2017

Azexport.az portalına 11 ayda 71 ölkədən 444.6 milyon dollar dəyərində ixrac sifarişi daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) mətbuat xidmətindən verilən məlumata görə, mərkəzin “İxrac İcmalı”nın 2017-ci ilin dekabr ayı üçün sayı təqdim olunub. İcmalın bu sayında göstərilir ki, 2017-ci ilin 11 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 387 milyon ABŞ dolları həcmində olub və bu ixrac əməliyyatlarında 1824 subyekt iştirak edib. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixracın 22 faizdən çox artıb. 2017-ci ilin 11 ayı ərzində ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına ixrac edilib. Belə ki, cari ilin 11 ayı ərzində Rusiyaya 498 milyon, Türkiyəyə 264 milyon, İsveçrəyə 133 milyon, Gürcüstana 120 milyon və İtaliyaya 52 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2017-ci ilin 11 ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinciliyini qoruyub (140.2 milyon dollar). Bu siyahıda ikinci yeri qızıl (116.4 milyon dollar), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (105 milyon dollar) tutub.

Ümumiyyətlə isə 11 ay ərzində meyvə-tərəvəz ixracı 453 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 109 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 88 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 74 milyon, kimya sənayesi məhsullarının ixracı 72 milyon, pambıq ixracı 45 milyon, elektrik enerjisi ixracı 41 milyon, şəkər ixracı 39 milyon, çay ixracı 9 milyon dollar təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 11 ayı ərzində elektrik enerjisinin ixracı 2 dəfə, pambığın ixracı 2.3 dəfə, çayın ixracı 65 faiz, meyvə-tərəvəzin ixracı artıb.

Cari ilin noyabr ayında xurmanın ixracının dəyəri 39.7 milyon dollar, qızılın ixracının dəyəri 17.9 milyon dollar və qabığı təmizlənmiş meşə fındığının ixracının dəyəri 16.1 milyon dollar təşkil edib. Ötən ayda qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və İtaliya təmsil olunub.

“İxrac İcmalı”nın son sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2017-ci ilin 11 ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycanda nümayəndəliyi, “Baku Steel Company” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Sun Food” MMC, “MKT İstehsalat Kommersiya” MMC, Talıbov Zabil Ocaqverdi oğlu, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, "VN Food Export Import Company" MMC, “CTS-Agro” MMC və “Food Export Şəmkir” MMC təmsil olunur.

trend.az