Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, Əməkdar İncəsənət Xadimi Cahangir Novruzov Türkiyədə “XVII Direklerarası Seyirci Ödülləri” teatr mükafatının qalibi olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, C.Novruzov bu mükafata Adana Böyükşəhər Bələdiyyə Teatrında səhnələşdirdiyi A.P.Çexovun kiçik dram əsərlərindən ibarət “Ah, bu evlilik...” tamaşasındakı rejissor işinə görə layiq görülüb. Mükafat Adanada keçirilən mərasimdə həmyerlimizə təqdim olunub.
Mükafatın “Halk Jürisi”nin üzvləri 2016-2017-ci il teatr mövsümünün ən yaxşılarını müəyyənləşdiriblər. Münsiflər heyətinin üzvləri Türkiyənin bir sıra şəhərlərinin teatrlarında səhnəyə qoyulan tamaşaları izləyərək qalibləri seçiblər.
Xatırladaq ki, Cahangir Novruzov ötən teatr mövsümündə “Tiyatro için Emek Ödülü” mükafatına layiq görülmüşdü. 1995-ci ildən Türkiyədə yaşayan Cahangir Novruzov 20 ildir Adana şəhərində, Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. O, eyni zamanda, Adana Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədr müavinidir.
azertag.az