Dekabrın 20-də Daş Salnamə Muzeyində Gənclər və İdman Nazirliyinin yeni layihəsi olan “Azərbaycanın tarixi qəhrəmanları gənclərin gözü ilə” mövzusunda sərginin açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov sərginin əsas məqsədinin gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların yaradıcılıq potensialını dəstəkləmək, gəncləri müvafiq istiqamətdə maarifləndirmək, xalqımızın hərb tarixini təbliğ etmək olduğunu bildirib.
Həvəskarlar arasında keçirilən sərgidə 14-29 yaşlı Azərbaycan vətəndaşlarının dəzgah rəngkarlığı, xəttatlıq, keramika, rəngkarlıq, qrafika, qravüra, batika, vitraj, qravüra üslubları üzrə tarixi mövzuda çəkdikləri 130-dək əsər nümayiş olunur.
“Azərbaycanın tarixi qəhrəmanları gənclərin gözü ilə” sərgisində Tomris, Babək, Şah İsmayıl, Cavad xan və digər tarixi qəhrəmanların portretləri təqdim edilib.
Sərgidə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin, Zirə Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən art-studiyanın üzvlərinin, eləcə də digər yeniyetmə və gənclərin əl işləri nümayiş etdirilir.
Sərgi dekabrın 24-dək paytaxt sakinləri və şəhərimizin qonaqları üçün açıq olacaq.
azertag.az