Ərəb alimləri Bakıdadır
21.12.2017

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Misirin Süveyş Kanalı Universitetinin ərəb dili və ədəbiyyatı üzrə professoru Əbdül Rəhim Əl-Kurdi və məşhur xəttat Mustafa Məhəmməd Amri ölkəmizdə səfərdədirlər.

Mərkəzdən bildirilib ki, dekabrın 18-dən başlayan səfər çərçivəsində Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində misirli professor Əbdül Rəhim Əl-Kurdi Bakı Dövlət Universitetində tələbələr üçün mühazirə ilə çıxış edib.

Universitetin şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov misirli alimləri iştirakçılara təqdim edib.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi çıxışında ərəb dilinin 1973-cü ildə BMT Baş Məclisində bu qurumun rəsmi dili elan edildiyini xatırladaraq, 2010-cu ildən etibarən 18 dekabr tarixinin Beynəlxalq Ərəb Dili Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. O, misirli dilçi alimlərin Azərbaycana səfərinin hər iki xalq arasında mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə töhfə vermək məqsədi daşıdığını bildirib.

Süveyş Kanalı Universitetinin professoru mühazirəsində ərəb dilinin tarixi və inkişaf mərhələsindən danışıb. Qeyd edib ki, ərəb dili beynəlxalq sənədlərin qeydə alındığı rəsmi dil kimi BMT tərəfindən qəbul olunduqdan sonra onun öyrənilməsinə tələbat daha da artıb. Hazırda Oksford, Kembric, Sorbon, Berlin, Sankt-Peterburq universitetlərində, eləcə də Çin, ABŞ, Kanada, Avstraliya və Latın Amerikasının bir sıra ölkələrinin ali təhsil müəssisələrində ərəb dili şöbələri fəaliyyət göstərir. Ərəb dilinə artan marağa görə dilin sadələşdirilməsi, müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından mütəxəssislərin üzərinə böyük məsuliyyət düşür.

Qeyd edək ki, misirli alimlərin ölkəmizə səfəri dekabrın 22-dək davam edəcək.

azertag.az