Moskvanın “Xudojestvennaya literatura” nəşriyyatında tanınmış yazıçı, dramaturq, Əməkdar İncəsənət Xadimi Afaq Məsudun “Seçilmiş əsərləri” rus dilində çapdan çıxıb.
Kitaba yazıçının “Azadlıq” romanı, “Gecə”, “Sərçələr”, “Kirxa” və digər hekayələri, müxtəlif illərdə dərc edilmiş müsahibələrindən, qeyd dəftərindən parçalar daxil edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, professor Nizami Cəfərov nəşrə yazdığı “Ön söz”də Afaq Məsud yaradıcılığının özgürlüyünü önə çəkərək onun özünəməxsus, klassisizmin dərin köklərinə və modernizmin güclü enerjisinə əsaslanan ədəbiyyat yaratdığını qeyd edib. N.Cəfərov yazır: “Afaq Məsudun əsərlərinin bir çox dillərə tərcümə edilməsinə, onun yaradıcılığı haqqında Vyana Universitetində doktorluq dissertasiyası müdafiə olunmasına baxmayaraq, Afaq Məsud yaradıcılığının hamı tərəfindən anlaşılıb qəbul edildiyinə əmin deyiləm. Ancaq bir məsələ aydındır ki, onu sevənlər də, sevməyənlər də onunla hesablaşmağa, adını çəkməyə məcburdurlar. Deməli, o, sanki pəncərədən açılan mənzərə kimi daim bizimlədir”.
“Xudojestvennaya literatura” nəşriyyatı “Klassiklər və müasirlər” silsiləsindən nəşr edilmiş kitabın müəllifini oxuculara parlaq aforistik dil üslubuna malik yazıçı kimi təqdim edib. Kitabın annotasiyasında qeyd olunduğu kimi, Afaq Məsudun qəhrəmanlarının düşdükləri vəziyyətlər o qədər həyatidir ki, hadisələrin Bakıda, Moskvada, yaxud başqa şəhərdə baş verdiyinin fərqinə varmırsan.
azertag.az