Kiyevdə azərbaycanlı rəssamın sərgisi açılıb
25.12.2017

Ukraynanın paytaxtı Kiyev şəhərində Şokolad Evində azərbaycanlı rəssam Rasim Seyidovun sərgisinin açılış mərasimi keçirilib.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresinin rəhbəri, Dünya Diasporlar Assambleyasının həmsədri Rövşən Tağıyev çıxış edərək bildirib ki, onun əsərləri Ukrayna muzeylərinin ekspozisiyalarına, Azərbaycanda, Rusiyada, ABŞ-da, Böyük Britaniyada və digər ölkələrdə şəxsi kolleksiyalara daxil edilib. Onun sərgiləri həmişə böyük maraqla qarşılanıb. R.Tağıyev bildirib ki, soydaşımızın yaradıcılığı Azərbaycan və Ukrayna xalqları arasında möhkəm dostluq körpüsüdür.

Sərgidə çıxış edənlər bildiriblər ki, rəssamın parlaq, özünəməxsus rəsmləri insanın daxili aləmi ilə Şərq ilə Qərb arasında sərhədlərin silindiyi qloballaşmış dünyada xarici məkanın vəhdətini ifadə edir.

Qeyd edək ki, Azərbaycanın Şəki şəhərində doğulan R.Seyidov 17 yaşında Ukraynanın Krivoy Roq şəhərində rəssamlıq məktəbinə daxil olub, məktəbi bitirdikdən sonra Kiyevə gəlib. Ukrayna Milli Rəssamlar İttifaqının üzvü olan Rasim Seyidovun Kiyevdə dəfələrlə fərdi sərgisi təşkil olunub.

Sərgiyə gələnlər arasında Kiyevdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları, Ukrayna yaradıcı elitasının təmsilçiləri olublar.

azertag.az