Dekabrın 25-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Elmi-Metodiki Mərkəzin təşəbbüsü ilə Azərbaycan Turizm və Menecment Universiteti nəzdində fəaliyyət göstərən Turizm Peşə Liseyində Metodistlərin I Ümumrespublika seminarı keçirilib.
Mərkəzin direktoru Asif Usubəliyev seminar çərçivəsində mərkəz tərəfindən hazırlanan metodiki vəsaitlərin keyfiyyətinin artırılması, yerlərdə iş prosesində tətbiqi mexanizmin təkmilləşdirilməsi məqsədilə yaradılmış Metodiki Şuranın fəaliyyətindən danışıb. Natiq cari il müddətində hazırlanmış metodiki vasitələrin, habelə “Mədəniyyət naminə elm” debat klubundan da söhbət açıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mərkəzin öz işini təkmilləşdirməyə doğru getdiyini bildirib, mədəniyyət müəssisələri arasında fəaliyyətin daha səmərəli koordinasiyası, cəmiyyətdəki sosial imicin artırılması, gənclər arasında əməkdaşlıq və həmkarlıq ruhunun artırılmasının vacib olduğunu tövsiyə edib.
Seminar öz işini davam etdirib.
azertag.az