Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) 2017-ci ilin yekunlarına və özbək ədiblərinə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun mükafatlarının təqdimat mərasimi təşkil olunub.
Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
AMM-nin direktoru Samir Abbasov ötən müddət ərzində Mədəniyyət Mərkəzinin keçirdiyi layihələr barədə məlumat verib, Daşkənd və Səmərqənd şəhərlərində “Azərbaycan mədəniyyəti həftəsi”nin keçirildiyini, Özbəkistanın Elmlər Akademiyasının Tarix Muzeyində “Azərbaycan Qafqazın dürdanəsi” adlı pavilyonun açıldığını, iki ölkə arasında dostluğun təbliği istiqamətində çoxsaylı tədbirlərin və nəşrlərin reallaşdıDrıldığını söyləyib.
Sonra o Azərbaycan-Özbəkistan arasında elmi-ədəbi əlaqələrin inkişafında və təbliğində xüsusi xidmətləri olan bir sıra tanınmış şair, yazıçı və tərcüməçiyə fəxri fərmanlarını təqdim edib.
Onların arasında şair və tərcüməçi, Osman Kuçkar (ölümündən sonra), Özbəkistanın “Kitob dunyosi” qəzetinin baş redaktoru Xasiyət Rüstəm, ədəbiyyatşünas və tərcüməçilər Babaxan Şərif, Şəhla Qasımova, Rüstəm Cabbarov, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sini ilk dəfə olaraq özbək dilinə tərcümə edən şair və tərcüməçi Olimcon Buriyev, tədqiqatçı Sırdərya Utanova və başqaları var.
Mükafatı alanlar Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.
Mərasim konsert proqramı ilə davam edib, özbək müğənniləri Azərbaycan və özbək mahnılarını ifa ediblər.
azertag.az