Milli Turizm Təbliğat Bürosunun fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirildi
26.12.2017

Dekabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Turizm Təbliğat Bürosunun fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirildi.

Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev çıxış edərək büronun 2017-ci il ərzində həyata keçirdiyi işlərdən və qarşıya qoyulan vəzifələrdən danışdı. Qeyd etdi ki, büro “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq bu ilin 7 fevral tarixində yaradılıb: “Büro Bakı şəhərinin beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi və fərqli səviyyələrdə təkrar brendinq seçimi və marketinq işlərinin əlaqələndirilməsi, eləcə də turistlərin məmnunluğunun artırılması məqsədilə publik hüquqi şəxs qismində təsis olundu. Fəaliyyətə başladıqdan sonra büro Bakı şəhərinin turistlər üçün daha cəlbedici məkana çevrilməsi, turistlərin məmnunluğunun artırılması, ölkəmizin tarixi, mədəni zənginliyi və mətbəximizin təbliği istiqamətində bir sıra vacib tədbirlər həyata keçirib”.

Qeyd olundu ki, büro fəaliyyətini bir neçə istiqamət üzrə qurub. 2017-ci il 20-26 mart tarixində Bakı şəhərinin Sabir bağında Milli Turizm Təbliğat Bürosu tərəfindən həyata keçirilən Novruz bayramı tədbirlərində ölkəmizin bütün regionlarını təmsil edən kollektivlər bölgələrin mədəni həyatını yüksək səviyyədə nümayiş etdiriblər. 8 gün ərzində 40-dan artıq musiqi, rəqs və folklor kollektivi çıxış edib.

Bakı şəhərinin brendinin hazırlanması və təşviq edilməsi istiqamətində işlərə başlanılıb və işlərin effektiv icrası üçün bazar araşdırmaları aparılıb. Bu istiqamətdə təcrübəsi olan yerli və xarici şirkətlərlə müzakirələr təşkil edilib, yerli mütəxəssislər də cəlb olunmaqla işçi qrupu yaradılıb. Müzakirələrin yekunu olaraq əldə olunan məlumatlar əsasında büronun ekspertləri tərəfindən müvafiq qurumlara təqdim olunması üçün təkliflər hazırlanıb və icrası ilə bağlı ayrı-ayrı dövlət qurumları ilə müzakirələrə başlanıb.

Bildirildi ki, IV İslam Həmrəyliyi Oyunları zamanı İslam ölkələrindən xeyli sayda turistin Bakıya gəlməsi nəzərə alınaraq Türkiyə, İran, İndoneziya, Malayziya və Misirin ölkəmizdəki səfirlikləri ilə birlikdə paytaxtın Sabir bağında və Nizami küçəsində hər bir ölkənin mədəniyyət günləri təşkil edilib.

Milli Turizm Təbliğat Bürosunun əməkdaşları Kənan Qasımov və Cəmilə Talıbzadə büronun gördüyü işlərdən və həyata keçiriləcək layihələrdən danışdılar. Qeyd olundu ki, büronun qarşısında qoyulan vəzifələrdən biri də Bakı şəhərinə daha çox turistin cəlb olunması üçün onlayn məlumat platformasının yaradılması idi. Bu məqsədlə büronun azerbaijan.travel və salambaku.travel saytları istifadəyə verilib. Bakı şəhərinin və ölkəmizin turist təqvimi hazırlanıb bu saytlara yerləşdirilib. Turizm təqvimində il ərzində qeyd olunacaq tədbirlər barədə məlumatlar yer alıb. İstifadəçilər maraqlarına uyğun olaraq ölkəmizdə təşkil ediləcək festival, konsert, sərgi, eləcə də idman yarışları və digər tədbirlərlə bağlı məlumatlara daha asan çıxış əldə edərək qeydlər apara bilərlər.

Bildirildi ki, Bakı şəhərinin turist avtobuslarından və bütün turizm məkanlarından qısamüddətli (24-48 saat) istifadə üçün turist kartlarının (“Bakucitycard”) hazırlanması istiqamətində müvafiq işlər görülür. Bu kartların istifadəyə verilməsindən sonra turistlər müvafiq məbləği ödəməklə Bakı şəhərində müəyyən olunmuş məkanlardan daha rahat istifadə edə biləcəklər. Eyni zamanda paytaxtın Nizami küçəsi, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, Dəmiryol vağzalı, Füzuli meydanı və digər yerlərdə turizm informasiya mərkəzlərinin qurulması istiqamətində hazırlıqlar yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda fəaliyyətə başlayacaq həmin turizm informasiya mərkəzləri vasitəsilə turistlər onları maraqlandıran suallara daha rahat cavab tapa biləcəklər.

Vurğulandı ki, büro tərəfindən Bakıda yerləşən ev-muzeylərin təbliğini nəzərdə tutan layihə həyata keçirilir. Layihə çərçivəsində ev-muzeylər barədə hazırlanan qısa videoçarxlar daha sonra sosial şəbəkələr vasitəsilə təbliğ olunur. Həmçinin Bakıda yerləşən 16 hoteldə büro tərəfindən müasir üslubda hazırlanmış məlumatlandırma lövhələri quraşdırılıb. Bu lövhələrdə həm məlumatlandırma flayerləri yerləşdirilir, həm də monitorun köməkliyi ilə Bakı şəhəri barədə hazırlanmış videolar nümayiş etdirilir.

O da diqqətə çatdırıldı ki, ötən müddət ərzində Çexiya, Slovakiya, İtaliya, İsrail, Latviya, Litva və Polşadan olan turizm firmaları və turoperatorların nümayəndələrinin ölkəyə “fam trip”ləri təşkil edilib. Həmçinin avqustun 15-dən 20-dək Milli Turizm Təbliğat Bürosu və Çin Hava Yollarının təşkilatçılığı ilə Çindən sosial media jurnalistləri və bloqqerlərin Azərbaycana səfəri gerçəkləşib.

mct.gov.az