İlin ən yaxşı rəsm əsərlərinin müəllifləri mükafatlandırılıb
28.12.2017

Dekabrın 27-də Azərbaycan Rəssamlar İttifaqında ilin ən yaxşı rəsm əsərlərinin müəllifləri mükafatlandırılıb.

Tədbirdə ittifaqın sədri, Xalq Rəssamı Fərhad Xəlilov ənənəvi olaraq keçirilən müsabiqə barədə məlumat verib. Bildirilib ki, müsabiqə heykəltəraşlıq, rəngkarlıq, qrafika və təsviri sənət üzrə keçirilib. Əvvəlki müsabiqələrdən fərqli olaraq bu il münsiflər tərəfindən hər sahə üzrə bir qalib elan olunub. Gələn ildən mükafat alanlar sırasında sənətşünaslarımızı da görə biləcəyik.

Rəssamlar İttifaqının sədri deyib: “Müsabiqəyə təqdim olunan əsərlər bir daha bu sahədə çalışan insanların böyük peşəkarlığından xəbər verir. Bu səbəbdən də qaliblərin seçimi çox gərgin keçib. Elə əsər müəllifləri var ki, bir səs çoxluğu ilə qalib olub”.

F.Xəlilov Azərbaycanın tanınmış rəssamlarının qatıldığı müsabiqədə qaliblərin Rəssamlar İttifaqının rəyasət heyəti tərəfindən seçildiyini və hər sahə üzrə bir nəfərin mükafata layiq görüldüyünü bildirib.

Heykəltəraşlıq üzrə Namiq Dadaşov, rəngkarlıq üzrə Siruz Mirzəzadə, qrafika üzrə Oqtay Quliyev, tətbiqi sənət üzrə isə Rəşid Bağırov mükafatlandırılıb. Qaliblərə diplom və pul mükafatı təqdim edilib.

Sonra iştirakçılar qaliblərin əsərlərindən ibarət sərgiyə baxıblar.

azertag.az