Tehranın ən böyük konsert salonlarından olan “Təlar Vəhdət”də Azərbaycanın Xalq Artisti, professor, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli tarzən Ramiz Quliyevin geniş proqramlı iki solo konserti keçirilib.
Konsertdə dirijor Əli Əkbər Qurbaninin rəhbərliyi ilə Tehran Dövlət Mədəniyyət Universitetinin simfonik orkestri çıxış edib. Simfonik orkestrin müşayiəti ilə tarzən Ramiz Quliyevin ifasında klassik Azərbaycan musiqisindən nümunələr – Ü.Hacıbəyli, Q.Qarayev, S.Rüstəmov, T.Quliyev, C.Cahangirov, Q.Hüseynli, H.Rzayevin əsərləri, yeni işləmədə “Sarı gəlin”, “Küçələrə su səpmişəm” xalq mahnıları, klassik muğamlar dinləyicilərə təqdim olunub. Eyni zamanda, professor Ramiz Quliyev qərb musiqisi ədəbiyyatına da müraciət edərək, Y.Brams, F.Şubert və V.Montinin əsərlərini Tehran orkestri ilə bərabər ifa edib.
Tanınmış sənətkarın anadan olmasının 70 illiyinə həsr olunan konsert proqramları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Hər bir əsərin ifasından sonra tamaşaçılar azərbaycanlı tarzəni və Tehran orkestrinin musiqiçilərini ayaq üstə alqışlayıblar. Konsert çərçivəsində Əməkdar İncəsənət Xadimi, professor Sərdar Fərəcov tərəfindən tarzən üçün yazılmış “Qarabağnamə” və “Rondoletto” əsərlərinin İranda ilk dəfə premyerası da baş tutub. Həmçinin tanınmış müğənni Rəşid Vətəndostun ifasında Azərbaycan bəstəkarlarının vokal əsərləri – ariya və romansları təqdim edilib.
Qeyd edək ki, Xalq Artisti Ramiz Quliyev Tehran Dövlət Mədəniyyət Universitetində dörd gün ustad dərsləri keçib.
azertag.az