Şahbuzda mədəniyyət evi tikilir
5.1.2018

Şahbuz rayonunda inşa olunan mədəniyyət evində və çirkab sutəmizləyici qurğuda tikinti işləri davam etdirilir.

Şahbuz şəhərində yeni inşa olunan mədəniyyət evində tikinti işlərinə 2017-ci ilin sentyabr ayından başlanılıb. Hazırda binanın ikinci mərtəbəsində beton-qəlib işləri görülür.

Bina iki mərtəbədən ibarət olacaq. Burada rayon mədəniyyət və turizm şöbəsinin əməkdaşları üçün iş otaqları, bufet, dekorasiya və məşq otaqları, 280 yerlik tamaşa zalı yaradılacaq.

Şahbuz şəhərinin “Ömərdərəsi” massivində inşa olunan çirkab sutəmizləyici qurğuda isə inşaat işlərinə ötən ilin may ayının əvvəllərindən başlanılıb. İnşaat işlərinin əksər hissəsi görülüb. Yaxın günlərdə isə inzibati binanın tikintisinə start veriləcək. İnşaat işləri başa çatdıqdan sonra burada Almaniya istehsalı olan son texnoloji avadanlıqlar qurulacaq. Qurğu istifadəyə verildikdən sonra gündəlik 2 min 800 kubmetr çirkli su təmizlənərək təsərrüfat üçün yararlı vəziyyətə gətiriləcək.

Qurğunun tikintisi “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində Şahbuz şəhərinin kanalizasiya sistemi də yenilənib, Şahbuz şəhəri, Daylaqlı və Kiçikoba kəndlərinə yeni su xətləri çəkilərək, sakinlər Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin olunub.

Qeyd edək ki, hər iki tikintinin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulub.

azertag.az