Opera və Balet Teatrında ilin ilk premyerası – “Qoyya”
9.1.2018

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı heyəti ilin ilk səhnə əsərinin premyerasına hazırlaşır.

Teatrın mətbuat xidmətindən məlumat verilib ki, Qara Qarayev və Fərəc Qarayevin musiqisi əsasında səhnələşdirilən “Qoyya” birpərdəli baleti fevralın 3-də ictimaiyyətə təqdim olunacaq.

Baletin quruluşçu xoreoqrafı Estoniyanın Əməkdar Artisti, Sankt-Peterburq “Dance Opera” balet festivalının bədii rəhbəri, UNESCO yanında Beynəlxalq Rəqs Şurasının üzvü, Beynəlxalq Marius Petipa irsi fondunun prezidenti Vasili Medvedyevdir.

Tamaşanın quruluşçu rəssamı Rusiya Rəssamlıq Akademiyasının akademiki, Rusiya Rəssamlar İttifaqının üzvü Dmitri Çerbadji, libretto müəllifi türkiyəli yazıçı Yana Temiz, xormeysteri Azərbaycanın Əməkdar İncəsənət Xadimi Sevil Hacıyevadır.

Görkəmli bəstəkar Qara Qarayevin 100 illiyi çərçivəsində nümayiş olunacaq səhnə əsərində rolları Xalq Artisti Kamilla Hüseynova, Əməkdar artistlər Nigar İbrahimova və Makar Ferştandt, aparıcı solistlər Anar Mikayılov və Cəmilə Kərimova canlandıracaq.

Operanı Əməkdar Artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

azertag.az