Yola saldığımız 2017-ci il Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı üçün uğurlu il kimi yadda qalıb.
Bu barədə ittifaqın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ötən il ərzində kino sahəsində böyük əməyi olan xadimlərin yubileyləri qeyd olunub, müsabiqələr və digər tədbirlər həyata keçirilib. Görkəmli kinorejissor, Xalq Artisti Rasim Ocaqovun adına təqaüd təsis olunub. Təqaüd Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi, I qrup əlil Masər Həsənova verilib. Rusiya Kinematoqrafçılar İttifaqının dəvəti ilə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Xalq Artisti Oqtay Mirqasımov Moskva şəhərində SSRİ Xalq Artisti, görkəmli türkmən kinorejissoru Xocaqulu Narlıyevin 80 illik yubileyində iştirak edib.
İttifaqın elan etdiyi “Yeni nəfəs-1” qısametrajlı ssenari müsabiqəsinin qalibi olan “İkinci güllə” ssenarisi əsasında çəkilən qısametrajlı film fevralın 20-də “Azərbaycan” kinoteatrında təqdim edilib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Dövlət Film Fondu ilə birgə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fevral-may aylarında Əməkdar İncəsənət xadimləri Əlisəttar Atakişiyev, Arif Nərimanbəyov, Fikrət Əliyev, oktyabr-noyabr aylarında isə Xalq artistləri Ağasadıq Gəraybəyli və Nodar Şaşıqoğlunun yubileylərinə həsr olunmuş xatirə gecələri keçirib.
İttifaqın qərarı ilə Azərbaycan kinosuna verdiyi töhfələrə görə Milli Kino mükafatı Xalq Artisti, kinorejissor Vaqif Mustafayevə verilib. Həmçinin, 2 avqust Milli Kino Günü münasibətilə bir qrup kino xadimi mükafatlandırılıb.
İttifaq iyulda “Zaman və Məkan” adlı qısametrajlı sənədli filmlər üçün ssenari müsabiqəsi elan edib və qaliblər münsiflər heyəti tərəfindən müəyyənləşdirilərək pul mükafatı və diplomlarla təltif olunublar.
Oktyabrın 16-da Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbərliyi ilə reallaşan görüşdə birgə tədbirlərin keçirilməsi müzakirə olunub.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Litvanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də “CinemaPlus Azerbaijan” kinoteatrında litvalı rejissor Andruis Stonysla görüş keçirilib, sonra rejissorun çəkdiyi “Buzlaqlarda qadın” sənədli filmi tamaşaçılara təqdim olunub.
Qeyd edilib ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2018-ci ildə də bir sıra uğurlu layihələrə imza atacaq.
azertag.az