“SABAH” qruplarının tələbələri mükafatlandırılıblar
10.1.2018

Təhsil Nazirliyinin “SABAH” qruplarında təhsil alan doqquz tələbə “Azercell” Tələbə Təqaüdü Proqramının qalibi olub.

Nazirlikdən bildiriblər ki, mükafatlandırılma mərasimində “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və “SABAH” qrupunun İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə qalibləri təbrik ediblər. Tələbələrə sertifikat və hədiyyələr təqdim olunub.

Təqaüdə layiq görülən tələbələr Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetində təhsil alırlar.

Proqramın məqsədi təhsildə müvəffəqiyyət qazanan və fərqlənməyi bacaran tələbələrə qayğı göstərmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdır.

Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonunadək “Azercell” şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüdü alacaqlar. Bununla yanaşı, həmin tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsində biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində, sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, “SABAH” qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış, müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda “SABAH” qrupları 12 ali təhsil müəssisəsini, 40-dan artıq ixtisas və 2.300-dən çox tələbəni əhatə edir.

azertag.az