Daşkənd şəhər Azərbaycan Milli Mədəniyyət Mərkəzinin konfransı olub
10.1.2018

Yanvarın 9-da Daşkənd şəhər Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (AMMM) konfransı keçirilib.

Konfransda Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin (RAMM) və AMMM-nin rəhbərləri, diasporumuzun təmsilçiləri iştirak edib.

Konfransı RAMM sədrinin müavini Xasay Abdullayev açaraq bildirib ki, yanvarın 14-də RAMM-nin hesabat-seçki konfransı keçiriləcək. O qeyd edib ki, bu gün Daşkənd şəhər Mədəniyyət Mərkəzindən həmin konfransa nümayəndələr seçilməlidir.

Özbəkistan Nazirlər Kabineti nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsi sədrinin müavini Kamaladdin İşanxocayev ölkə Konstitusiyası ilə azsaylı xalqlara yaradılan şərait haqqında danışıb, onlara verilən hüquqlardan söhbət açıb.

RAMM-nin sədri Mobil Məmmədov, Daşkənd şəhəri üzrə AMMM-nin sədri Firdovsi Hüseynov qarşıda duran məsələlər, həmçinin yanvarın 14-də keçiriləcək konfransın prosedur qaydaları haqqında məlumat veriblər. Bildirilib ki, bu günlərdə Özbəkistanın Səmərqənd, Buxara, Nəvai, Sırdərya və Daşkənd vilayətlərindəki Azərbaycan mədəniyyət mərkəzlərində keçirilən tədbirlərdə də konfransa nümayəndələr seçilir.

Sonra səsvermə yolu ilə yanvarın 14-də keçiriləcək konfransa 23 nümayəndə seçilib.

azertag.az