Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI açıqlandı
12.1.2018

2017-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilə nisbətən 12,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 16,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 11,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,3 faiz bahalaşıb.

Məlumata görə, ötən ilin dekabr ayında noyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Dekabr ayında noyabr ayı ilə müqayisədə kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, zeytun yağının, çay və qəhvənin, bananın, almanın, armudun, narın, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, sarımsağın, kartofun qiymətlərində bahalaşma, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, günəbaxan yağının, şəkər və şəkər tozunun, limonun, portağalın, naringinin, xurmanın, kələmin, göyərtinin, soğanın, çuğundurun, yerkökünün qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, zərgərlik məmulatlarının, şüşə məmulatları, yemək qabları və əşyalarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma, soyuducuların, mobil telefonların, planşet tipli kompüterlərin, havanın isidilməsi üçün qızdırıcıların, tozsoranlarn qiymətlərində ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

trend.az