Almaniyada fəaliyyət göstərən nüfuzlu “Hadassa” nəşriyyatı tərəfindən Azərbaycandakı dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayevin “Azərbaycanda yəhudilərin həyatı: Multikulturalizmə parlaq səyahətin memuarı” adlı kitabı ingilis dilində çap edilib.
Xüsusi olaraq İsrail və yəhudi diasporu yazıçılarının kitablarını dərc edən “Hadassa” nəşriyyatı ABŞ, Böyük Britaniya və Almaniya Kitabçılar assosiasiyalarının üzvüdür.
Milix Yevdayevin ABŞ-ın ən böyük yəhudi qəzetlərindən biri olan və Los-Ancelesdə nəşr olunan “Jewish Journal” qəzetində dərc edilmiş məqalələrinin toplusundan ibarət kitabda Azərbaycanda yaşayan yəhudilərin tarixi, mədəniyyəti və həyat tərzi, onların sıx məskunlaşdıqları və Quba rayonu ərazisində yerləşən Qırmızı qəsəbə, həmçinin Azərbaycan-İsrail münasibətləri haqqında ətraflı məlumat verilir. Azərbaycanın mövcud multikulturalizm və tolerantlıq ənənələrindən danışılan nəşrdə milli və dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin ölkəmizdə dinc, yanaşı və sülh şəraitində yaşadığı bildirilir, buradakı sünni-şiə harmoniyası təqdir edilir.
Kitabda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı təcavüzü, 20 Yanvar faciəsi və Xocalı soyqırımı kimi xalqımızın başına gətirilən dəhşətli faciələr haqqında ətraflı məlumat verilir. Həmin ağır günlərdə Azərbaycanda yaşayan yəhudilərin könüllü olaraq Milli Orduya qoşulduğu və ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı mübarizə apardıqları bildirilir. Bu xüsusda, Milli Qəhrəman Albert Aqarunovun adı xüsusi qeyd edilir.
Kitab artıq “Amazon” və digər onlayn kitab mağazalarında satışa çıxarılıb.
Qeyd edək ki, ABŞ-da çıxan “Jewish Journal” qəzetində 2015-ci ildən bəri Milix Yevdayevin 21 məqaləsi dərc olunub.
azertag.az