Özbəkistan Mədəniyyət və Sənət İnstitutunda “Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi” yaradılacaq.
Bu haqda razılıq Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovla Özbəkistan Mədəniyyət və Sənət İnstitutunun (ÖMSİ) rektoru, professor İbrahim Yuldaşev arasında keçirilən görüşdə əldə olunub.
Danışıqlar zamanı AMM ilə ÖMSİ arasında əməkdaşlığın genişləndirilməsinə dair memorandumun imzalanmasına, gələcəkdə Azərbaycanın ali təhsil müəssisələri ilə əlaqələrin yaradılmasına dair müzakirələr aparılıb.
İ.Yuldaşev xarici ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi və tətbiqinə dair ölkə rəhbərliyinin göstərişinə uyğun olaraq ali təhsil sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsinin onlar üçün maraqlı və faydalı olduğunu bildirib.
Rektor rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib, institutda fəaliyyət göstərən teatr, kino, televiziya və radio sənəti, rejissorluq, folklor, xalq çalğı alətləri, etnoqrafiya, kitabxanaşünaslıq-informasiya, aşıq sənəti və rəqs üzrə fakültələr barədə məlumat verib.
Samir Abbasov Azərbaycanda dövlətin qayğısı nəticəsində ali məktəblərin inkişafı haqqında məlumat verib. O, rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin fəaliyyəti, həyata keçirilən layihələr haqqında danışıb, son zamanlar Azərbaycanla Özbəkistan arasında mədəniyyət, təhsil sahəsində əlaqələrin inkişaf etdiyini, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığa dair memorandumların imzalandığını vurğulayıb. Ötən müddət ərzində ilk dəfə olaraq tərəflər arasında tələbə mübadiləsinin həyata keçirildiyini, Daşkənddə Azərbaycana dair özbək dilində çoxsaylı nəşrlərin çap olunduğunu qeyd edib.
S.Abbasov 2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, habelə bu il Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin 100 illiyi, böyük şair Hüseyn Cavidin 135 illik yubileylərinin qeyd olunmasına dair Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq sərəncamların imzalandığını vurğulayıb. Bu institutda yaradılacaq “Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi”nə Azərbaycan tərəfindən müvafiq nəşrlərin, milli suvenirlərin, bədii və sənədli filmlərin, milli musiqimizə dair disklərin, foto və rəsmlərin hədiyyə olunacağını qeyd edib.
Görüşdə institutun elmi jurnalında mədəniyyət, kitabxana-informasiya sahəsi üzrə azərbaycanlı mütəxəssislərin Azərbaycan və rus dillərində elmi məqalələrinin dərc olunması məsələsi də razılaşdırılıb.
İnstitutda azərbaycanlı alimlər, mütəxəssislər tərəfindən ustad dərslərinin təşkili, qarşılıqlı səfərlərin reallaşdırılması, təcrübə mübadiləsinin aparılması məsələləri də müzakirə edilib.
S.Abbasov Azərbaycan və özbək xalqlarının milli- mədəni irsi olan muğam və aşıq sənətinə dair birgə layihələrin yerinə yetirilməsi, bu ilin mart ayında institutda “Azərbaycan Mədəniyyət Günü”nün keçirilməsi təklifi ilə çıxış edib və təklif qəbul olunub.
Tədbirlər çərçivəsində ÖMSİ-nin kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyasının hədiyyə olunması və kitabxanada Azərbaycan guşəsinin yaradılması da nəzərdə tutulub.
azertag.az