İtaliyadakı səfirliyimizin dəstəyi ilə Cüzeppe Verdi adına Milan Konservatoriyasında İtaliya-Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr edilmiş “Azərbaycan mədəniyyəti Milanda” adlı tədbir keçirilib.
Tədbirdə bu ölkənin tanınmış yazıçıları, şairləri, Milan Konservatoriyasının tələbə, professor və müəllim heyəti, həmçinin sənət və iş adamları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İtaliyadakı səfirliyimizin əməkdaşı Sərxan Ağakişiyev böyük şair Molla Pənah Vaqifin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən söz açıb.
Diplomat, M.P.Vaqifin öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkar olduğunu və onun yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu bildirib.
Tədbirin Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən təşkil olunduğunu diqqətə çatdıran S.Ağakişiyev M.P.Vaqifin söz sənətimizin və doğma dilimizin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb.
Diplomat, həmçinin mədəniyyət və incəsənətimizin bu ölkədə daha yaxından tanıdılması məqsədilə Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən keçirilmiş mədəni tədbirlər barədə də məlumat verib.
Tədbir çərçivəsində İtaliya-Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyev və Milan Konservatoriyasının idarə heyətinin üzvü, professor Davide Qualtyeri tərəfindən Molla Pənah Vaqifin italyan dilinə tərcümə edilmiş şeirlərinin yer aldığı kitabın təqdimatı olub. Həmçinin Molla Pənah Vaqifin və digər Azərbaycan şairlərinin şeirləri musiqi və rəqslə improvizasiya şəklində təqdim edilib.
Mərasimdə kitabın təqdimatı ilə yanaşı, Azərbaycan tarixi və mədəniyyəti haqqında məlumat verilib, habelə Milanın “Compagnia Orizon Danza” rəqs məktəbinin tələbələri tərəfindən Azərbaycan milli musiqi və rəqslərindən ibarət kompozisiya nümayiş etdirilib.
azertag.az