Digər illərdə olduğu kimi bu il də Azərbaycan İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən həyata keçirilən, bu ölkədə təqaüdlə magistratura pilləsində təhsil almaq imkanı yaradan “İnvest your talent in İtaly” təqaüd proqramı çərçivəsində seçilmiş az saylı ölkələrdəndir.
Azərbaycanın İtaliyadakı səfirliyindən bildirilib ki, proqram tələbələr üçün bu ölkənin yüksək reytinqli universitetlərində təhsil almaqla yanaşı, şirkətlərdə təcrübə keçmək imkanı da yaradır. Proqramda layiqli tələbələr üçün universitet ödənişinin azaldılması və ya bu ödənişdən azad olunması, müxtəlif xidmətlərdən faydalanmaq və repetitorluq imkanı da nəzərdə tutulub.
Proqram çərçivəsində 2016-2017-ci tədris ilində Azərbaycan üzrə altı tələbə 9 aylıq təqaüd qazanıb. Cari tədris ilində isə daha yeddi azərbaycanlı tələbə təqaüd proqramına daxil edilib. 2018-2019-cu təhsil ili üzrə “İnvest your talent in İtaly” proqramında iştirak etmək istəyən tələbələr fevralın 28-dək online müraciət edə bilərlər. Bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin rəsmi saytında ətraflı məlumat verilib.
azertag.az