"Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018" internet səhifəsi istifadəyə verilib
16.1.2018

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi yaradılıb.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Azərbaycan və ingilis dillərində hazırlanan “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi (www.imp.nakhchivan.az) 8 əsas və 27 alt bölmədən ibarətdir.

“Ana səhifə” bölməsinə “Rəsmi sənədlər” və “Tədbirlər” alt bölmələri daxildir. “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipinin hazırlanması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı “Rəsmi sənədlər” bölməsində yerləşdirilib. “Tədbirlər” bölməsində isə Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin həllinə dair məlumatlar əksini tapıb.

Saytın “Naxçıvan haqqında” başlıqlı əsas bölməsi “Naxçıvan Muxtar Respublikası”, “Təbiəti”, “Şəhər və rayonları” alt bölmələrindən ibarətdir. Bu bölmələrdə muxtar respublikanın tarixi, fauna və florası, inzibati ərazi bölgüsü, nəqliyyat infrastrukturu, inzibati binaları, konsert-tamaşa, təhsil müəssisələri və digər sahələr haqqında məlumatlar yerləşdirilib.

Saytın “Mədəniyyət” bölməsində “Məscidlər”, “İmamzadələr”, “Tarix-memarlıq abidələri”, “Sənətkarlıq”, “Memarlıq”, “Milli rəqslər”, “Milli musiqi alətləri”, “Milli geyimlər”, “Milli mətbəx”, “Muzeylər”, “Teatrlar” və “Kitabxanalar” olmaqla, 12 alt bölmə var. Bu bölmələrdə mədəniyyət və incəsənət sahələri haqqında məlumatlar yerləşdirilib, həmçinin “Naxçıvan milli geyimləri” və “Naxçıvan mətbəxi” elektron kitablarına keçidlər verilib. Saytda muxtar respublikada fəaliyyət göstərən muzeylər, teatrlar və kitabxanalar haqqında da ətraflı məlumatlar almaq mümkündür.

“Turizm” adlanan bölmədə Naxçıvan Muxtar Respublikasının turizm potensialı, dini turizm və müalicə turizmi obyektləri, o cümlədən yerləşdirmə obyektləri haqqında ətraflı məlumat verilib, ünvan və əlaqə vasitələri qeyd olunub.

“Fotoqalereya” və “Videoqalereya” bölmələrində muxtar respublikanın tarix-mədəniyyət abidələri, turizm potensialı, parkları, mehmanxanaları, müasir infrastrukturu haqqında foto və videomateriallar yerləşdirilib.

“Faydalı informasiya” bölməsində muxtar respublikada fəaliyyət göstərən banklar və xarici nümayəndəliklər haqqında ətraflı məlumat verilib, ünvan və əlaqə vasitələri yerləşdirilib. Həmçinin faydalı informasiya mənbələri sayılan digər elektron resurslara keçid linkləri verilib.

“Qonaq rəyləri” bölməsində muxtar respublikaya gələn qonaqların və saytdan istifadə edənlərin elektron qaydada rəy yaza bilmələri üçün şərait yaradılıb.

Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı olması ilə bağlı il ərzində keçirilən tədbirlər, görülmüş işlər və yeniliklər “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsində (www.imp.nakhchivan.az) öz əksini tapacaq.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin 2016-cı il noyabrın 25-də Naxçıvan şəhərində keçirilən iclasında Tədbirlər Planı təsdiqlənib və icrasına başlanılıb. “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi də Tədbirlər Planına əsasən istifadəyə verilib.

trend