Azərbaycanın 14 şirkətinin məhsulları dünyanın ən nüfuzlu beynəlxalq sərgilərindən olan - “Beynəlxalq Yaşıl Həftə” sərgisində nümayiş olunub.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun başçılığı ilə nümayəndə heyəti 18-20 yanvar tarixlərində Berlin şəhərində təşkil olunmuş kənd təsərrüfatı, bağçılıq və ərzaq sahələrində dünyanın ən nüfuzlu beynəlxalq sərgilərindən olan “Beynəlxalq Yaşıl Həftə” sərgisində və kənd təsərrüfatı nazirlərinin 10-cu Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumunda iştirak edib.
S.Talıbov ənənəvi olaraq hər il keçirilən sərgidə Azərbaycanın milli stendinin açılışını edərək, şirkətlərin nümayiş etdirdiyi məhsullarla yaxından tanış olub. Milli stenddə ölkəmizin 14 şirkətinin məhsulları nümayiş etdirilib.
Bundan əlavə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Almaniyanın Kənd Təsərrüfatı üzrə Leibniz İnstitutunun və BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatının rəsmiləri arasında görüşlər keçirilib və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
S.Talıbov həmçinin, Berlində “Beynəlxalq Yaşıl Həftə Sərgisi” çərçivəsində keçirilən “Nazirlərin 10-cu Konfransı”nda iştirak edib və konfrans zamanı təşkil olunan plenar müzakirələrdə məruzə ilə çıxış edərək, ölkəmizdə aqrar sahəyə göstərilən dövlət dəstəyi, əldə olunan nailiyyətlər, həmçinin kənd təsərrüfatı məhsullarının ixrac potensialı barədə ətraflı məlumat verib.
Sərgidə və milli stendimizin açılışında Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da iştirak edib.
trend