Yanvarın 25-də “YARAT” Müasir İncəsənət Məkanının “Artım” layihə məkanında rəssam Vüsal Rəhimin “Nurcan” adlı fərdi sərgisi açılacaq.
Rəssam bu dəfə diqqəti azyaşlıların məcburi nikahı kimi problemli məsələyə yönəltməyə çalışan “qara toy” layihəsini təqdim edəcək.
Layihə üç hissədən ibarətdir: birinci hissədə toy elan edilir və toya hazırlıq işləri aparılır, ikinci hissədə toy mərasimi keçirilir, üçüncü hissədə isə toydan sonrakı proseslər əks olunur.
Bu perfomans, rəngarəng milli toy adət-ənənələrini, o cümlədən bəy evinin gəlin evinə gəlişini, milli rəqsləri, qonaqların qarşılanması, o cümlədən qohum-əqrəbalar tərəfindən keçirilən müxtəlif mərasimləri əks etdirir. Toydan bir gün sonra sərgi məkanı yeni ailə quranların "evinə" çevrilir. Burada qonaqlar perfomans ərzində çəkilmiş toy videoları və şəkilləri ilə tanış olurlar.
Büsbütün qara rəngə bürünmüş bu mərasim, toydan daha çox yasa bənzəyir...
Layihənin icrası, erkən nikahlar mövzusuna qarşı həssaslığın artırılması istiqamətində sosial işləri dəstəkləməklə yanaşı, cəmiyyətə bu problemin aktuallığını və virtual müzakirə platformasının təşkilinin vacibliyini izah edir. Erkən nikahların başlıca səbəbləri müxtəlifdir və bunlara əsasən yoxsulluq, ərə getməmək (“evdə qalmaq”) qorxusu, sosial təzyiqlər və adət-ənənələr, müdafiəsizlik və maliyyə sıxıntıları daxildir. Yeniyetməlik illərində ərə gedən qızlar, hamiləlik dövrünün fəsadları, sosial izolyasiya, təhsil imkanlarının məhdudlaşdırılmasından əziyyət çəkməklə yanaşı, böyük ehtimalla, məişət zorakılığı və ər tərəfindən zorlanmalar kimi hallara da məruz qalırlar.
azertag.az