Mədəniyyət sektoru işçiləri üçün Tvinninq layihəsinə başlanılıb
24.1.2018

Avropa İttifaqı ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə həyata keçirdiyi Tvinninq layihəsi çərçivəsində yanvarın 23-də mədəniyyət sektoru işçiləri üçün növbəti təlimə başlanılıb.

Nazirlikdən bildirilib ki, tədbiri Tvinninq layihəsinin Azərbaycandakı koordinatoru Alessandro Bianki açıb.

Təlim 4 gün davam etməklə “İtaliyada mədəniyyətin planlaşdırılmasında mövcud təşəbbüslərə dair nümunələr” haqqında bilikləri və təcrübələri paylaşacaq. Təlimçi İtaliyanın Mədəni İrs və Turizm Nazirliyinin işçisi, layihə dəyərləndirməsi və mədəniyyət siyasəti üzrə ekspert Marko Marinuccidir. Təlimdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən, Qobustan Dövlət Tarixi-Bədii qoruğundan, Azərbaycan Xalça Muzeyindən, Milli İncəsənət Muzeyindən, Teatr Təlim Mərkəzindən, İstiqlaliyyət Muzeyindən, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyindən, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən nümayəndələr iştirak edir.

Təlimin sonuncu günündə iştirakçılar qruplar şəklində müəyyən tapşırıqları yerinə yetirəcəklər. Yanvarın 26-da yekunlaşacaq təlimdə iştirakçılara sertifikat təqdim olunacaq.

Qeyd edilib ki, mədəniyyət sektorunun inkişafı üzrə Tvinninq layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və artıq iki ildir ki, fəaliyyət göstərir. Layihə bu ilin aprel ayında bitəcək.

azertag.az