Ötən il Qax rayonuna 43 mindən çox turist gəlib. Onlardan 3 min 259-u xarici turistlərdi. İl ərzində rayona gələn turistlərin sayı əvvəlki illə müqayisədə 14 minə yaxın artıb. O cümlədən, xarici turistlərin sayında 2 mindən çox artım qeydə alınıb. Ötən il rayona daha çox ərəb ölkələrindən turistlər gəlib. İngilis, fransız, rus, ukraynalı, holland, iranlı turistlərin sayı da yetərincə olub.
Bu barədə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Qax rayonu üzrə məsləhətçisi Dilarə Əzizova məlumat verib.
Bildirilib ki, rayonun mülayim və saf dağ iqlimi, şəfaverici zəngin mineral bulaqları, əsrarəngiz təbiəti, şəlalələri, düzənlik və dağ meşələri, çayları, həmçinin qədim tarixi abidələri getdikcə daha çox turistin diqqətini özünə cəlb edir. Turist axınını sürətləndirən digər bir amil isə rayonda ilboyu fəaliyyət göstərən istirahət və turizm mərkəzlərinin, həmçinin müasir tələblərə cavab verən infrastrukturun mövcud olmasıdır.
Dilarə Əzizovanın sözlərinə görə, hazırda rayonda 12 turizm obyekti fəaliyyət göstərir. Bu obyektlərdə yerlərin sayı 1143-ə çatır. Turizm obyektlərinin əksəriyyətində qiymətlər səhər yeməyi də daxil olmaqla, bir nəfər üçün 30-35 manat arasında dəyişib. Lüks otellərdə isə qiymətlər daha yüksək olub.
Turistlər otellərin müəyyən etdiyi marşrutlar əsasında rayonun gəzməli-görməli yerlərinə səyahətlər edib, tarixi məkanlarla tanış olublar. “İçəribazar” Turizm Mədəniyyət Mərkəzinin ərazisi, tarix-diyarşünaslıq və Bayraq muzeyləri, İlisu, Qum və Ləkit kəndlərindəki qədim tarixi-memarlıq abidələri, “Kürmük” məbədi, “Ram-rama” və “Ləkit” şəlalələri turistlərin daha çox üz tutduqları məkanlar olub.
azertag.az