Şərq Döyüş Sənəti Federasiyasının idmançıları ötən il beynəlxalq və ölkə yarışlarında 78 medal qazanıblar
25.1.2018

Keçən il Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyası respublika birinciliklərində 52, dünya çempionatında 3, Avrasiya çempionatında 13, Asiya çempionatında 2, digər beynəlxalq turnirlərdə 5 idmançı ilə təmsil olunub. İdmançılarımız Azərbaycan birinciliklərində 54, dünya çempionatında 2, Avrasiya çempionatında 13, Asiya çempionatlarında 2, digər beynəlxalq turnirlərdə 6 medal olmaqla, cəmi 78 medal qazanıblar.

Bu faktlar Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasında keçirilən ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda səsləndirilib.

Yığıncaqda federasiyanın sədri Azad Cabbarov çıxış edərək bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasəti nəticəsində sağlam nəslin yetişdirilməsi daim diqqət mərkəzində saxlanılıb, gənclərin əsas hərəkətverici qüvvə olaraq cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatında, idman hərəkatında iştirakının təmin edilməsi prioritet olaraq müəyyən edilib. Hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılır. Naxçıvan Muxtar Respublikasında da gənclərin kütləvi bədən tərbiyəsi və idman tədbirlərinə cəlb olunması, istedadlı idmançıların respublika və beynəlxalq səviyyəli idman yarışlarında iştirakının təmin edilməsi diqqət mərkəzində saxlanılır.

“Şərq Döyüş Sənəti Federasiyasının 9 bölməsində 13-ü qız olmaqla, 300-dən çox yeniyetmə və gənc bu idman növləri üzrə keçirilən təlim-məşq toplanışlarında, hazırlıq proseslərində iştirak edir” – deyən Azad Cabbarov bildirib ki, ötən il federasiyanın İdarə Heyəti yenidən formalaşdırılıb, maddi-texniki bazası möhkəmləndirilib, muxtar respublikaya dəvət edilən tanınmış mütəxəssislərin iştirakı ilə yerli idmançılar üçün seminar və məşğələlər keçirilib.

Azad Cabbarov diqqətə çatdırıb ki, bölgələrdə idman növlərinə maraq göstərən istedadlı yeniyetmə və gənclərin keçirilən hazırlıq və təlim-məşq toplantılarında iştirakı, idmanın müxtəlif növləri üzrə təbliğat fəaliyyətinin genişləndirilməsi, yeni idman avadanlıqları və müasir idman infrastrukturundan istifadə imkanları barədə maarifləndirici söhbətlər aparılması qarşıda duran əsas vəzifələrdəndir.

Sonda görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

azertag.az