“Artım” layihə məkanında ilin ilk sərgisi –“Nurcan”
26.1.2018

Yanvarın 25-də “YARAT” Müasir İncəsənət Məkanının “Artım” layihə məkanında rəssam Vüsal Rəhimin “Nurcan” adlı fərdi sərgisi açılıb.

Rəssam bu dəfə diqqəti azyaşlıların məcburi nikahı kimi problemli məsələyə yönəltməyə çalışan “qara toy” layihəsini təqdim edib. Layihə üç hissədən ibarətdir: birinci hissədə toy elan edilir və hazırlıq işləri aparılır, ikinci hissədə toy mərasimi, üçüncü hissədə isə toydan sonrakı proseslər əks olunur.

Bu perfomans rəngarəng milli toy adət-ənənələrini, o cümlədən bəyin adamlarının gəlin evinə gəlişini, milli rəqsləri, qonaqların qarşılanmasını, o cümlədən qohum-əqrəba tərəfindən keçirilən müxtəlif mərasimləri əks etdirir. Toydan bir gün sonra sərgi məkanı yeni ailə quranların “evinə” çevrilir. Burada qonaqlar perfomans ərzində çəkilmiş toy videoları və şəkilləri ilə tanış olurlar.

Büsbütün qara rəngə bürünmüş bu mərasim toydan çox yasa bənzəyir...

Layihənin icrası, erkən nikahlar mövzusuna qarşı həssaslığın artırılması istiqamətində sosial işləri dəstəkləməklə yanaşı, cəmiyyətə bu problemin aktuallığını və virtual müzakirə platformasının təşkilinin vacibliyini izah edir. Erkən nikahların başlıca səbəbləri müxtəlifdir və əsasən bunlara yoxsulluq, ərə getməmək (“evdə qalmaq”) qorxusu, sosial təzyiqlər və adət-ənənələr, müdafiəsizlik və maliyyə sıxıntıları daxildir. Yeniyetməlik illərində ərə gedən qızlar, hamiləlik dövrünün fəsadları, sosial izolyasiya, təhsil imkanlarının məhdudlaşdırılmasından əziyyət çəkməklə yanaşı, böyük ehtimalla, məişət zorakılığı və ər tərəfindən zorlanma kimi hallara da məruz qalırlar.

Sərgi fevralın 8-dək davam edəcək.

azertag.az