Səfir Orelia Buşez: Bakı şəhəri qədimliyi və müasirliyi özündə təcəssüm etdirir
26.1.2018

Yanvarın 25-də “YARAT” Müasir İncəsənət Mərkəzində Fransanın ölkəmizdəki səfirliyi və Azərbaycan Fransız İnstitutunun təşkilatçılığı ilə “Memar, sənətkar və vətəndaş: şəhəri düşünmək” mövzusunda müzakirələr keçirilib.

Tədbirdə Fransanın ölkəmizdəki səfiri Orelia Buşez müzakirə edilən mövzunun aktuallığından danışıb. Səfir bildirib ki, “Fikirlər gecəsi” artıq bir neçə ildir dünyanın 50-dən çox ölkədə qeyd olunur. Bu təşəbbüsün Fransa Xarici İşlər Nazirliyinə və Fransız İnstitutuna məxsus olduğunu vurğulayan səfir qeyd edib ki, tədbirin məqsədi müəyyən mövzu ətrafında insanları toplamaq, müzakirələr və fikir mübadiləsi aparmaqdır. “Bu il “Fikirlər gecəsi”nin (Nuit des İdées) 2-ci buraxılışında ziyalılar, tədqiqatçılar, sənətkarlar və "Təxəyyülün hökmranlığı" mövzusunda qərarverici məsul şəxslər bir araya toplanıb. Bakı şəhərində son illər memarlıq, inşaat sahəsində bir çox işlər görülüb. Şəhər qədimliyi və müasirliyi özündə təcəssüm etdirir. Bu baxımdan, burada müzakirə olunan məsələlər aktuallıq kəsb edir”, - deyə səfir vurğulayıb.

Fransanın Azərbaycandakı səfirliyinin mədəni işlər üzrə müşaviri Yohan Şittererinin moderatorluğu ilə keçirilən tədbirdə “Buffi Associés” Memarlıq və Şəhərsalma Agentliyin təsisçisi və direktoru Jan-Pyer Buffi, fransız memar Andrea Dö Fransi, Bakı Memarlıq Klubunun rəhbəri, Bakının mərkəzi küçələrinin yenidən qurulması layihələrinin məsul şəxsi memar Elçin Əliyev, Əməkdar İncəsənət Xadimi Səbinə Şıxlinskaya və “Pillə” Memarlar və Şəhərplanlayıcılar Təşkilatının nümayəndəsi Müslim İmranlı çıxış ediblər.

Bildirilib ki, son onillikdə iqtisadi inkişaf sayəsində Bakının siması tamamilə dəyişilib. Yeni müasir yaşayış məntəqələri və xüsusi üslubda tikilən mədəniyyət ocaqları buna bariz nümunələrdir. “Fikirlər gecəsi – 2018” Bakı əhalisinin artımı və şəhərin genişlənməsi nəticəsində yaranan yeni perspektivlər və layihələr haqqında müzakirələr aparmağı təklif edir.

Tədbirdə şəhərin bu günü və sabahı, eləcə də cəmiyyətdə əlverişli yaşayış şəraiti yaratmaq bacarığı barədə fikirlər səsləndirilib.

azertag.az