Azərbaycan muğamının qorunması və inkişaf etdirilməsi sahəsində dövlət təminatları müəyyənləşib
29.1.2018

Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi sahəsində dövlət təminatları müəyyənləşib.

Bu, yeni hazırlanan “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsinin 4-cü (Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi sahəsində dövlət təminatları) maddəsində əksini tapıb.

Muğam sənətinin qorunması ilə bağlı dövlət təminatları belədir:

1.Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi üzrə Dövlət Proqramının qəbul edilməsi və həyata keçirilməsi,
2.Azərbaycan muğam irsinin toplanaraq mühafizə edilməsi, sistemləşdirilməsi, tədqiqi, nəşri, klassik və müasir seçmə ifaların kütləvi istehsalı və yayımı,
3.Azərbaycan muğam sənətinin musiqi təmayüllu ümumi, orta ixtisas və ali təhsil müəsissələrində tədrisinin təmin edilməsi və bu sahədə ixtisaslı kadrların hazırlanması,
4.Teleradio verilişlərində və konsert proqramlarında muğamların təqdim və təbliğ edilməsi,
5.Azərbaycanın müxtəlif bölgələrində istedadlı muğam ifaçılarının aşkarlanması üçün zəruri tədbirlər həyata keçiriləcək.
6.Simli, yaylı və nəfəsli xalq musiqisi çalğı alətlərinin tarixən müəyyənləşdirilmiş milli standartlara müvafiq olaraq kütləvi istehsalı,
7.Muğam sənətinə dair elmi araşdırmaların aparılmasına və əlaqələndirilməsinə şərait yaradılması, dərslik və dərs vəsaitlərinin hazırlanaraq nəşr edilməsi,
8.Beynəlxalq səviyyədə Azərbaycan muğam sənətinin təqdim edilməsi və təbliği,
9.Azərbaycan muğam sənətinin inkişaf etdirilməsi və milli xüsusiyyətlərinin qorunması proseslərinə nəzarəti həyata keçirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı yanında daimi fəaliyyət göstərən və yüksək peşəkarları əhatə edən Muğam Şurasının yaradılması,
10.Azərbaycan muğam sənətinin nümunələrinin xarici dövlətlərin ərazilərində mənimsənilməsi, təhrif edilməsi və qeyri-qanuni istifadəsinin qarşısının alınması və hüquqi qorunması məqsədi ilə beynəlxaql əməkdaşlığa şərait yaradılması,
11.Xarici dövlətlərin kitabxana və arxivlərində saxlanılan muğam risalələrinin kataloqlaşdırılmasına, onların orijinallarının, yaxud surətlərinin ölkəyə gətirilməsinə şərait yaradılması, həmin əsərlərin transliterasiya edilməsi, xarici dillərdə yazılmış olduğu halda Azərbaycan dilinə tərcümə edilməsi, bu qəbildən olan əsərlərin sistemli şəkildə tədqiqi və nəşri,
12.Azərbaycanın dünya muğam ifaçılığı və muğamşünaslığının əsas mərkəzinə çevrilməsi istiqamətində ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsi,
13.İtirilmə təhlükəsi olan nadir muğam sənəti nümunələrinin müasir üsullarla bərpası.

Qanun layihəsi Milli Məclisin Mədəniyyət komitəsinin iclasında müzakirəyə çıxarılıb.

report.az