Azərbaycan Dövlət Musiqili Teatrında Xalq Artisti Rauf Hacıyevin ikihissəli “Talelər qovuşanda” operettası növbəti dəfə təqdim edilib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərinin budəfəki nümayişi milli vokal sənətimizin tanınmış nümayəndələrindən biri, Xalq Artisti Elxan Əhədzadənin 70 illiyinə həsr olunub.
Tamaşadan əvvəl teatrın ədəbi hissə müdiri, Əməkdar Mədəniyyət İşçisi Telli Pənahqızı çıxış edərək görkəmli aktyorun həyat və yaradıcılığı haqqında məlumat verib. O, özünəməxsus ifa tərzi olan sənətkarın canlandırdığı obrazların hər zaman tamaşaçılar tərəfindən sevildiyini, böyük maraq və rəğbətlə qarşılandığını vurğulayıb.
“Elxan Əhədzadə 30 ildən çox müddət ərzində Musiqili Teatrda fəaliyyət göstərib, müxtəlif səhnə əsərlərində bir-birindən maraqlı obrazlar yaradıb, əksər dövlət tədbirlərində öz ifası ilə yaddaşlarda iz qoyub. Bu gün baxacağımız tamaşada bir vaxtlar o, Əli obrazında çıxış edib. Elxan Əhədzadənin işıqlı xatirəsi daim bizim qəlbimizdə yaşayacaq”, - deyə T.Pənahqızı bildirib.
Sonra səhnə əsəri təqdim edilib.
Qeyd edək ki, Elxan Əhədzadə “Çətirimiz buludlardır”, ”Üzü küləyə”, “Bəylik dərsi”, ”Babək”, “Ordan-burdan” və ”Həyat bizi sınayır” adlı ekran əsərlərində maraqlı rol ifaçısı kimi yadda qalıb.
azertag.az