Yanvarın 29-da Milli Məclisin mədəniyyət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.
Komitənin sədri Rafael Hüseynov əvvəlcə 2017-ci ilin payız sessiyasında görülmüş işlər barədə hesabatı diqqətə çatdırıb. O bildirib ki, payız sessiyasında komitənin 3 iclası keçirilib, 10 məsələ müzakirə edilib. Sessiya ərzində komitəyə 126 müraciət daxil olub, 16 vətəndaş qəbul edilib.
Sonra 2018-ci ilin yaz sessiyasında görüləcək işlərdən danışan komitə sədri bildirib ki, yaz sessiyasında “Kinematoqrafiya haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Kulinariya haqqında”, “Ad və soyadlar haqqında” qanun layihələri, həmçinin qanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olacaq bir sıra digər qanun layihələri müzakirə ediləcək.
İclasda çıxış edən komitə üzvləri Jalə Əliyeva, Fəzail İbrahimli, Elmira Axundova, Ülviyyə Həmzəyeva və Əflatun Amaşov gündəlikdəki məsələlər barədə fikirlərini bildirib, təkliflərini veriblər.
Milli Məclisin 2017-ci ilin payız sessiyasında mədəniyyət komitəsində görülmüş işlər barədə hesabat qənaətbəxş hesab olunub.
azertag.az