Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə sınaq imtahanı keçiriləcək.
DİM-dən bildiriblər ki, sınaq imtahanında iştirak etmək istəyənlər fevralın 2-si saat 9.00-dək bu qurumun internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
Sınaq imtahanı fevralın 2-də DİM-in Nəsimi rayonu, A. Salamzadə küçəsi 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10.00-da başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “Şəxsi kabinet”ində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar.
azertag.az