Kişi boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib
1.2.2018

Yanvarın 31-də kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb.

Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 39 komandanın 203 boksçusu qüvvəsini sınayıb.

Altı gün davam edən turnirdə 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil olunan çempionatda final döyüşlərində qalib gələn Araz İmaməliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Elnur Süleymanov (69 kq), Hidayət Musayev (75 kq), Eldar Quliyev (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) çempion tituluna sahib olublar.

Gənclər millisindən böyüklərə yeni keçən M.Abdullayev, həmçinin yarışın ən yaxşı boksçusu seçilib.

Turnirin komanda hesabında “Qəbələ” birinci yeri tutub. İkinci pilləyə “Gilan” yiyələndiyi halda, üçlüyü “Rabitə” qapayıb.

Çempionatda Elxan Quliyev ən yaxşı hakim, Rəhim Allahverdiyev isə ən yaxşı məşqçi adına layiq görülüb.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

azertag.az