“Tanpınara məktub” yarışması başlayıb
6.2.2018

Türkiyə Cümhuriyyəti, Bursa şəhər Osmanqazi Bələdiyyəsi tərəfindən hər il həyata keçirilən Əhməd Hamdi Tanpınar adına yarışma başlayıb.

Yarışmanın Azərbaycan koordinatorluğundan verilən məlumata görə, bu il yarışmaya əsərlər məktub janrında qəbul olunacaq. Yazıçı Ə.H.Tanpınara ünvanlanacaq əsərlər Türkiyə türkcəsi ilə yazılmalı, mətnin həcmi məktub janrına uyğun olmalıdır. Əsərlər “Tanpınara məktub” mövzusunda yazılmalıdır. Məktublar tanpinar-azerbaycan@inbox.ru elektron ünvanında qəbul olunur. Müsabiqəyə göndərilən əsərlər daha öncə heç bir mətbuat orqanında dərc olunmamalıdır. Yarışmaya hər yaş kateqoriyalarından olan yazarlar qoşula bilər və bir müəllif yalnız bir əsər göndərə bilər. Əsərlər müəlliflərin öz adları ilə deyil, ləqəbləri ilə təqdim olunmalıdır (tərcümeyi-hal ayrıca faylda göndərilməlidir). Yarışmaya son qatılma tarixi martın 28-dir.

Yarışmanın nəticələri may ayında elan ediləcək və mükafatlar sahiblərinə mayın 5-də Bursa şəhərində keçiriləcək mərasimdə təqdim olunacaq. Yarışmada birinci yerin qalibinə 5000, ikinci yerin sahibinə 3750, üçüncü yerin sahibinə isə 2500 manat pul mükafatı veriləcək. Əlavə iki müəllifə həvəsləndirici mükafat olaraq 1250 manat veriləcək.

Yarışmaya göndərilən əsərlər komissiya tərəfindən seçilərək, Osmanqazi Bələdiyyəsi tərəfindən kitab şəklində nəşr olunacaq.

Qeyd edək ki, Ə.H.Tanpınar ədəbiyyat müsabiqəsində daha öncə qalib olan müəlliflər bu yarışmada bir daha iştirak edə bilməzlər.

azertag.az