Litva Ensiklopediyasında Azərbaycan yazıçıları barədə məqalələr yer alıb
29.12.2012

Ümumdünya Litva Ensiklopediyasının 2011-2012-ci illərdə işıq üzü görmüş XX və XXI cildlərində Azərbaycan ədəbiyyatının bir sıra görkəmli təmsilçiləri barədə məqalələr yer alıb. Ensiklopediyanın göstərilən cildlərində 11 milli yazarımız - Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Abbas Səhhət, Osman Sarıvəlli, Mikayıl Rzaquluzadə, Süleyman Rəhimov, Rəsul Rza, Nigar Rəfibəyli, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və Anar haqqında məqalələr dərc edilib.

Həmin məqalələrdə yazıçılarımızın həyat və yaradıcılığı barədə ensiklopedik məlumatlar, Azərbaycan ədəbiyyatının və tərcümə sənətinin inkişafı üçün onların verdiyi vacib töhfələr və milli söz sənətimizə gətirdikləri ədəbi yeniliklər haqqında yığcam ümumiləşdirmələr ehtiva olunub.

Bununla yanaşı oxuculara sözügedən Azərbaycan ədiblərinin Litva ədəbiyyatı ilə əlaqələri və litvalı qələm qardaşları ilə yaradıcılıq əlaqələri barədə orijinal faktlar, o cümlədən Litva-Azərbaycan mədəniyyətlərarası dialoqunun inkişaf etdirilməsi sahəsində onların ədəbi irsi ilə bağlı qarşılıqlı bədii tərcümə nümunələri haqqında bilgilər təqdim edilib.

Məqalələr Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Litva-Azərbaycan mədəni və ictimai-siyasi əlaqələrinin tədqiqatçısı Mahir Həmzəyev tərəfindən hazırlanıb.

Qeyd edək ki, Ümumdünya Litva Ensiklopediyası universal xarakterli fundamental nəşrdir. 2001-ci ildən başlayaraq Vilnüsdə “Elmi və Ensiklopedik nəşrlər” mərkəzi tərəfindən litvaca buraxılır. Ensiklopediyanı 25 cilddə nəşr etmək nəzərdə tutulub. İndiyədək onun 21 cildi çap olunub. Bir cild təqribən 800 səhifədən ibarətdir. Ensiklopediyada ümumiyyətlə 130 min məqalənin, illüstrasiya olaraq 24 min şəklin və 650 ədəd xəritə görüntüsünün yerləşdirilməsi planlaşdırılıb. Gələcəkdə onun mətninin elektron daşıyıcıları və internet vasitələrilə də yayılması nəzərdə tutulub.

Ümumdünya Litva Ensiklopediyası səciyyə etibarilə ingilislərin Britannica, polyakların Wielka Encyklopedia Powszechna və almanların Brockhaus ensiklopediyalarını xatırladır. Format, struktur və məqalələrin həcmi baxımından isə Brockhaus ensiklopediyasına daha yaxındır.

APA