Azərbaycanlı balet ulduzu Ülvi Əzizov martın 4-də İsveçin Malmö şəhərində keçiriləcək “Etoile Ballet Gala” adlı konsertdə iştirak edəcək.
Bu barədə məlumat Ülvi Əzizovun “facebook” səhifələrində yer alıb. Qala-konsertdə “Don Kixot”, “Qu gölü”, “Silfida”, “Jizel” və digər baletlərdən səhnələr təqdim ediləcək.
“Worldstars” şirkəti tərəfindən reallaşdırılan “Etoile Ballet Gala” layihəsinin ideya müəllifi və bədii rəhbəri Olqa Əzizovadır.
Ülvi Əzizov “Balet incəsənətinin inkişafına töhfə və yüksək peşəkar ustalığa görə” Rudolf Nuriyev adına 16-cı Beynəlxalq balet festivalı mükafatının, eləcə də Budapeştdə dünya baleti ulduzlarının 18-ci beynəlxalq qala-konsertinin xüsusi mükafatının sahibidir. Onun Paris, Nitsa, Marsel, Budapeşt, Oslo və digər şəhərlərdə çıxışları alqışlarla qarşılanıb.
azertag.az