Universitet tələbəsinin “Kərtənkələ” rəsmi müsabiqədə birinci yerə layiq görülüb
9.2.2018

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) memarlıq fakültəsinin üçüncü kurs tələbəsi İsmayıl Hacıyev “Yaşıl incəsənət-2018” rəsm müsabiqəsinin qalibi olub.

Universitetdən bildirilib ki, müsabiqə müasir incəsənətdə mənzərə və natürmort janrlarının rolunu, əhəmiyyətini artırmaq, ətraf mühitin mühafizəsinə, Azərbaycanın relikt flora və fauna nümunələri, təbiət qoruqlarının bənzərsiz gözəlliklərinə maraq və diqqəti cəlb etmək məqsədi daşıyıb. Sərgidə mənzərə və natürmort janrlarında təbiəti əks etdirən 150 rəsm əsərindən 70-i nümayiş olunub.

İ.Hacıyev müsabiqədə bir rəsm əsəri ilə iştirak edib. Onun kətan üzərində yağlı boya ilə çəkdiyi “Kərtənkələ” rəsmi münsiflər heyəti tərəfindən qiymətləndirilən üç ən yaxşı rəsm kimi birinci yerə layiq görülüb. İ.Hacıyev xüsusi diplom və pul mükafatı ilə təltif olunub.

Müsabiqədə fərqlənən 15 əsərin müəlliflərinə də diplomlar təqdim olunub.

azertag.az