Amerikalı professor dörd ay müddətində Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərəcək
9.2.2018

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dünyanın qabaqcıl təhsil müəssisələri ilə əlaqələrin qurulması və möhkəmləndirilməsi, tədris prosesinin təkmilləşdirilməsi, təhsilalanların və təhsilverənlərin birgə fəaliyyətinin yeni metod və vasitələrlə daha keyfiyyətli nəticələr əldə etməsi istiqamətində bir sıra əhəmiyyətli işlər görülüb. Bu məqsədlə ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “Fullbright” proqramı çərçivəsində Lehi Universitetinin professoru, təhsil üzrə ekspert xanım Cill Sperandio ADPU-ya dəvət olunub.

ADPU-dan bildirilib ki, C.Sperandio universitetdə dörd ay fəaliyyət göstərəcək.

“Fullbright” proqramı birgə tədqiqat aparmaq istəyən müxtəlif elmi dərəcəli tədqiqatçılar, təhsil müəssisələrinin ekspertləri və universitet mühazirəçiləri üçün nəzərdə tutulub. Təqdim edilən layihələrin müddəti altı aydan çox olmamalıdır.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi hər il təxminən beş namizəd seçir. Proqram Azərbaycanda oktyabrda elan edilir.

azertag.az