Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin təşkilatçılığı ilə Buzovna qəsəbəsində Ruhulla Axundov adına Mədəniyyət Evində Rahib Ələkbəroğlunun 85 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Xatirə gecəsi Rahib Ələkbəroğlu haqqında sənədli filmin nümayişi ilə başlanıb.
Tədbirdə Yazıçılar Birliyinin üzvü Hacı Soltan Əlizadə Rahib Ələkbəroğlu ilə bağlı xatirələrini bölüşərək bildirib ki, o, həm ciddi, həm də şən insan idi. İnsanlara qarşı olduqca diqqətli olan R.Ələkbəroğlu gənclər üçün futbol komandası təşkil etmiş, bu idman oyununun əsas incəliklərini onlara öyrədirdi.
Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə Buzovna qəsəbəsindən dəyərli insanların çıxdığını qeyd edərək bildirib: “Bugünkü tədbiri heç bir şeylə müqayisə edə bilmərəm. Buzovnada həqiqətən çox dəyərli insanlar olub. Bu gün də sadə, ancaq cəmiyyətdə nüfuzu olan bir insanın anım günüdür. Bu təşəbbüs o qədər müdrik, xoş təşəbbüsdür ki, bunu ancaq alqışlamaq olar”.
“Hər bir torpağın tarixi və onu yaşadanları olur”, - deyən Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsinin sədri Arif Buzovnalı R.Ələkbəroğlunun mərdliyi, insanpərvərliyi, mərhəməti, doğruluğu, ədaləti ilə bu zirvəyə çatdığını vurğulayıb.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.
azertag.az