Azərbaycanın yaradıcılıq təşkilatları öz seçimlərini ediblər
9.2.2018

Fevralın 9-da M.Moqamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ölkədəki yaradıcılıq təşkilatlarının rəhbərləri və üzvləri qarşıdan gələn prezident seçkiləri ilə bağlı toplantı keçiriblər.

Ölkə ziyalıları 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında bəyanat qəbul ediblər.

Toplantıda ziyalılar ölkə həyatında son illərdə görülən işlərdən danışıb, yaradıcı insanlar üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq Yazıçısı Anar ölkə ziyalılarının aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini deyib.

Dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi dövründə ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni inkişafı ilə bağlı gördüyü işlərdən danışan Xalq Yazıçısı Prezidentin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Sərəncamının əhəmiyyətini xüsusi vurğulayıb.

Prezident İlham Əliyevin mədəniyyətimizə, incəsənətimizə sonsuz qayğısından, gənc və yaşlı yazıçılara diqqətindən, AYB-in 80 illik yubileyinin yüksək səviyyədə keçirilməsinə yaradılan şəraitdən danışan yazıçı Anar deyib ki, bütün bunlar ölkəmizin inkişafı, xalqımızın uğurlu gələcəyi naminə qarşıdakı seçkilərdə ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevə səs verməyə əsas yaradır. İnanırıq ki, qarşıdakı illərdə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtidarı bütün problemlərin öhdəsindən gələcək və ölkəmizi daha da irəliyə aparacaq.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə 1979-cu ildə Bəstəkarlar İttifaqının V qurultayında ulu öndər Heydər Əliyevin nitqində səsləndirdiyi müdrik fikirləri bu gün də həyata keçirməyə çalışdıqlarını bildirərək vurğulayıb ki, Ümummilli Liderin siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir, yaradıcı insanlara dəstək verir.

Qürurverici faktdır ki, Azərbaycanın muğam ifaçılıq sənəti, aşıq sənəti, Novruz bayramı, xalça, tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəni irsinin qorunmasına göstərdiyi yüksək diqqət və qayğının, həmçinin ölkəmizin qeyri-maddi mədəni sərvətlərinin beynəlxalq səviyyədə təşviqi məqsədilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olub.

İl ərzində keçiriləcək tədbirlərdən danışan Firəngiz Əlizadə deyib: “Müstəqil Azərbaycanı artıq hamı tanıyır. Biz bu gün ruh yüksəkliyi ilə tədbirlərə hazırlaşırıq. Bunlar sabit ölkədə yaşadığımıza görə mümkün olur. Bu şəraiti bizə yaradan dövlətimizin başçısıdır. Biz qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyirik”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov illər ərzində dövlətimizin başçısının ölkəmizin inkişafı, təbliği, Azərbaycanın dünya siyasi sistemində layiqli yer tutması, xalqımızın firavan, sabitlik şəraitində yaşaması üçün gördüyü işlərdən danışıb, bu gün təkcə Bakının deyil, regionlarımızın da sürətlə inkişaf etdiyini, gözəlləşdiyini, ölkəmizin beynəlxalq idman və mədəniyyət tədbirlərinin keçirildiyi mərkəzə çevrildiyini vurğulayıb.

“Bu gün Azərbaycan təkcə sənət yox, həm də idman, sənaye mərkəzinə çevrilib. Dünyanın hər yerindən insanlar buraya gəlir və buradakı inkişafdan zövq alırlar. Hazırda 50-dən çox rəssam Prezident təqaüdü alır. Belə dövlət qayğısı, belə sürətli inkişaf harada var?! Bütün bunlar deməyə əsas verir ki, rəssamlar Prezident İlham Əliyevin siyasətini dəstəkləyirlər və onun namizədliyinə səs verəcəklər”, - deyə Fərhad Xəlilov vurğulayıb.

Ölkəmizdə memarlıq sənətinin yüksəliş dövrünü yaşadığını bildirən Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri, professor Elbay Qasımzadə deyib ki, bu gün müasir Bakının siması xarici qonaqlarda müsbət mənada həm təəccüb, həm də heyrət hissi doğurur. Bakıya gələn memarlar buradakı inkişafı xüsusi qeyd edirlər. Ölkəmizin iqtisadi və maliyyə durumu memarlığın inkişafına zəmin yaradır. Kasıb ölkədə memarlıq inkişaf edə bilməz. Ona görə ki, memarlıq çox böyük vəsait tələb edən sahədir. Görülən işlər, yeni üslubda inşa edilən binalar ölkəmizdə bu sahənin sürətli inkişafından xəbər verir. “Biz yaradıcı insanlar qarşıdan gələn prezident seçkilərində bu inkişafın memarı olan İlham Əliyevə səs verəcəyik. Xahiş edirəm, toplantının qərarında yazılsın ki, memarlar da İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyirlər”, - deyə E.Qasımzadə əlavə edib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq Artisti Şəfiqə Məmmədova 1969-cı ildə Ulu Öndərin ilk dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycan kinosunun inkişaf dövrünə qədəm qoyduğunu söyləyib. Bildirib ki, bu siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Görülən işlər, qəbul olunan Dövlət proqramları bütün sahələrdə olduğu kimi, kinematoqrafiya sahəsində də böyük dönüş yaradıb. Məhz bunun nəticəsidir ki, gənc rejissorlar yeni-yeni ekran əsərləri çəkir, filmlərimiz beynəlxalq festivallarda uğurla nümayiş olunur. Hər il ölkəmizdə 2 avqust – Milli Kino Günü kimi qeyd edilir. Hazırda kino haqqında yeni qanun hazırlanır.

Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə qeyd ediləcək Azərbaycan kinosunun 120 illiyi ilə bağlı görüləcək işlərdən söz açan Xalq Artisti bildirib ki, bütün bunlar Prezident İlham Əliyevin ölkəmizdə kino sənətinin inkişafına verdiyi dəyərin bariz nümunəsidir: “Bu gün kinematoqrafların bir namizədi var, o da İlham Əliyevdir. Biz yekdilliklə ona səs verəcəyik, ona sadiqik və hər zaman da onunlayıq”.

Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov ölkəmizdə teatr sənətinin inkişafı naminə dövlətimizin başçısının gördüyü işləri xüsusi qeyd edib. Bildirib ki, bu il Azərbaycan teatrı yaranmasının 145-ci ildönümünü qeyd edəcək. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlətimizin başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.

Dövlət proqramı çərçivəsində görülən işlərdən, yenidən qurulan və təmir olunaraq istifadəyə verilən teatr binalarından və yüzlərlə sənət adamına verilən fəxri adlardan, təqaüdlərdən söz açan Teatr Xadimləri İttifaqının sədri deyib: “Bizim də bir namizədimiz var, o da İlham Əliyevdir”.

Bu gün Azərbaycan ziyalılarının toplaşdıqları Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi mədəniyyət xadimlərinin ruhunun olduğunu deyən Musiqi Xadimləri İttifaqının sədri, Xalq Artisti Fərhad Bədəlbəyli ulu öndər Heydər Əliyevin də bu zalda konsertləri izlədiyini, mədəniyyət xadimləri ilə görüşdüyünü, onlara hər zaman qayğı ilə yanaşdığını diqqətə çatdırıb. Fərhad Bədəlbəyli Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin də bu ənənəyə sadiq qaldığını vurğulayıb.

Musiqi Xadimləri İttifaqının sədri deyib ki, Azərbaycanın güclü ordusu var, amma mədəniyyətimiz də böyük bir ordudur. Bu ordudan heç zaman diqqət və qayğısını əsirgəməyən Prezidentimizlə həmişə fəxr etmişik. Bütün bunlara görə prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəyik.

Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı Azərbaycan Prezidentinin beynəlxalq aləmdəki nüfuzundan danışıb, onun türk dünyasının mövqeyini qətiyyətlə müdafiə edən bir siyasi xadim olduğunu vurğulayıb, bu gün aşıq sənətinin inkişafına göstərilən xüsusi diqqəti qeyd edərək deyib: “Azərbaycan dövlətinin böyük sənət ordusu var. Bu ordunun daxilində olan aşıqlar da İlham Əliyevin namizədliyini dəstəkləyir”.

Tədbirdə Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev Ulu Öndərin yazıçılara münasibətini xatırladıb, bu gün Prezident İlham Əliyevin yazıçılar üçün ölkədə yaratdığı şəraiti yüksək qiymətləndirib.

Toplantıda Xalq artistləri Amaliya Pənahova, Hacı İsmayılov, Afaq Bəşirqızı apreldə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinə səs verəcəklərini bildiriblər.

Sonra Yazıçılar İttifaqının sədri Anar yaradıcılıq təşkilatlarının bəyanatını səsləndirib. Bəyanat toplantıda iştirak edən təşkilatların nümayəndələri tərəfindən imzalanıb.

Bəyanatda vurğulanır ki, Azərbaycan ziyalıları ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin namizədliyini bu seçkilərdə də dəstəkləyəcəklər. Bildirilir ki, onun rəhbərliyi ilə Azərbaycan Respublikası qarşıdakı illərdə daha böyük nailiyyətlərə imza atacaq, müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzu daha da artacaq.

azertag.az