Daşkənddə Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Əzəli dostluq riştələri” adlı sənədli filmin çəkilişləri başa çatıb.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çəkilən filmin ssenari müəllifi mərkəzin direktoru Samir Abbasov, rejissoru Eldar Məmmədovdur.
“Əzəli dostluq riştələri” adlı sənədli ekran əsərində “Avesta”, mərdlik və qəhrəmanlıq rəmzi olan “Kitabi-Dədə Qorqud”, Babək, Koroğlu, Şah İsmayıl Xətai, özbək xalqının min illərdən bəri cəsarət və vətənpərvərlik simvolu olan Alpamış, Cəlaləddin Manguberdi, Babur, Əmir Teymur kimi xalq qəhrəmanları, onların obrazlarının oxşarlığı, oxşar adət və ənənələr, el şənlikləri, mədəni irsimiz geniş işıqlandırılıb.
Azərbaycan və özbək xalqlarının mədəni irsi, tarixən yaxınlığı ilə seçilən xalqlarımızın yaratdığı əsərlər, tanınmış elm, ədəbiyyat xadimləri haqqında məlumatlar da filmdə öz əksini tapıb.
Özbək dilində hazırlanan bu ekran əsərində tariximizin, mədəniyyətimizin şanlı səhifələri, iki xalq arasında dostluq əlaqələrinin yaranması, hər iki dövlətin müstəqillik əldə etdikdən sonra qazandığı uğurlar, müstəqillik illərində dostluğumuzun möhkəmlənməsində, strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasında ulu öndər Heydər Əliyevin, Özbəkistanın birinci Prezidenti İslam Kərimovun böyük xidmətlərindən söhbət açılır.
Filmdə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərləri, Daşkənddəki Heydər Əliyev küçəsində Ulu Öndərin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin, həmçinin Daşkənddə dahi Nizami Gəncəvinin, Bakıda isə böyük özbək şairi Əlişir Nəvainin abidələrinin açılışı, Özbəkistanda Azərbaycan mədəniyyətinə dair təşkil edilən tədbirlər, Səmərqənddə “Şərq təranələri” Beynəlxalq Musiqi Festivallarında Azərbaycan musiqiçilərinin iştirakı və başqa məlumatlar yer alıb.
Sənədli filmdə tarixə nəzər salınır, XX əsrin 70-ci illərində Azərbaycanda özbək, Özbəkistanda Azərbaycan mədəniyyət günlərinin, hər iki ölkənin tanınmış simalarının, mədəniyyət, ədəbiyyat xadimlərinin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mədəniyyət günlərinin açılışında iştirakına dair nadir kadrlar öz əksini tapıb.
Ekran əsərində Özbəkistanda yaşamış tanınmış azərbaycanlılar, onların bu ölkənin ictimai-mədəni həyatındakı rolu, soydaşlarımızın irsinin təbliği və əbədiləşdirilməsi istiqamətində həyata keçirilən layihələr geniş işıqlandırılıb.
Mədəniyyət Mərkəzindən verilən məlumata görə, sənədli filmin Özbəkistanın aparıcı telekanallarına, habelə kitabxanalarına, bu ölkədə fəaliyyət göstərən Azərbaycan ocaqlarına hədiyyə olunacaq.
azertag.az