İnzibati icraçı vəzifələrə aid olan vəzifə qrupları üzrə müsahibə mərhələsi keçiriləcək
19.2.2018

Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında olan vakant vəzifələr Mərkəzə təqdim edildikdən sonra qanunvericiliyə uyğun olaraq həmin vəzifələrin tutulması üçün müsahibələr elan edib.

Mərkəzdən verilən məlumata görə. namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir.

DİM tərəfindən müsabiqənin müsahibə mərhələsi üzrə 5 elan verilib. 2 müsahibə elanı üzrə namizədlərin qeydiyyatı artıq bitib.

Qeyd edək ki, elan olunmuş müsahibələrdə iştirak üçün müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yaxın günlərdə yenidən müsahibə elanları veriləcək.

Hazırda 26 yanvar və 7, 8 fevral tarixlərində elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir. Namizədlərin təqdim olunan vakant vəzifələr üzrə qeydiyyatı qanunvericiliyə uyğun olaraq 30 gün müddətində aparılır və qeydiyyat müvafiq olaraq 23 fevral, 8 və 9 mart tarixlərinə qədər davam edəcək.

26 yanvar tarixində elan olunmuş müsahibədə Təhsil Nazirliyi rayon təhsil şöbələrində inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan icraçı vəzifələr üzrə 189 vakant yer, 7 fevral tarixində elan olunmuş müsahibədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant yer, 8 fevral tarixində elan olunmuş müsahibədə isə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə 193 vakansiya təqdim olunub.

Sertifikat əldə etmiş, həmçinin 18 fevral 2018-ci il tarixində keçirilən dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanından uğur əldə edənlər də müsahibələrdə iştirak üçün qeydiyyatdan keçə bilərlər. Elektron bazada namizəd haqqında məlumat olduqda qeydiyyat zamanı fiziki olaraq sertifikat tələb olunmur. Namizədlər məlumatların bazaya daxil edilməsi üçün https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

ali təhsil haqqında sənədin surəti;

əmək kitabçasının surəti (olduğu halda).

Müsahibə elanlarında hər bir vəzifə üzrə ətraflı məlumat, müsahibədə iştirak etmək hüququ verən sertifikat, müsahibə proqramı və digər zəruri məlumatlarla tanış olmaq mümkündür.


report.az