“Microsoft” startaplar üçün yeni proqram istifadəyə verib
19.2.2018

“Microsoft” Korporasiyası startaplara müştəri bazasını genişləndirməyə, satışları qaydaya salmağa, onlarla birlikdə böyüyən etibarlı platforma üzərində inkişaf etməyə, biznes cəmiyyəti və sifarişçilərlə ünsiyyət qurmağa kömək edən gənc innovasiya şirkətləri üçün biznesə, texnologiyalara və imkanlara yol açan yeni “Microsoft for Startups” proqramını istifadəyə verib.

“Microsoft-Azərbaycan” şirkətindən bildirilib ki, startaplara müştərək satış opsiyaları, həmçinin “Microsoft”un texnologiyalarından yararlanmaq və yerli ekosistemlərlə əməkdaşlıq qurmaq üçün yeni platformalar təklif etmək məqsədilə şirkət növbəti iki il ərzində 500 milyon ABŞ dolları investisiya yatırmağı öhdəsinə götürüb. Şübhəsiz ki, startaplar innovasiyaların təkanverici qüvvəsidir və onların təsisçiləri və investorları ilə əməkdaşlıq edərək “Microsoft” onların inkişafını sürətləndirməyə kömək göstərir.

Yeni proqram startaplara yeni müştərilər cəlb etmək, yeni sahələrdə və yeni bazarlarda satışları qaydaya salmaq, etibarlı texnologiyalardan, dəstəkdən və istehsalçıların alətlərindən yararlanaraq innovasiyaları sürətlə tətbiq etmək, lazımi vaxtda lazımlı resurslara yol tapmaq kimi məsələlərdə yardım etmək məqsədilə işlənib hazırlanıb.

Ətraflı məlumatı https://startups.microsoft.com saytından əldə etmək olar.


azertag.az