Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) böyük zalında Macarıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “V4 Music” adlı konsert təşkil edilib.
BMA-dan bildirilib ki, konsert Macarıstan, Çexiya, Slovakiya və Polşa respublikalarının ölkəmizdəki səfirliklərinin əməkdaşlığı nəticəsində baş tutub.
Konsertdən əvvəl çıxış edən akademiyanın beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Xalq Artisti, professor Yeganə Axundova qonaqları salamlayaraq konsertin əhəmiyyətindən söz açıb.
Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi yaradılmış şəraitə görə Bakı Musiqi Akademiyasının rəhbərliyinə minnətdarlığını bildirib.
Konsertdə solistlər qismində Klara Babel (arfa) və Zalan Kovacs (tuba) çıxış ediblər. Musiqi proqramında macar və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Macarıstanla yanaşı, Çexiya, Slovakiya və Polşanın ölkəmizdəki səfirlərinin və onların xanımlarının iştirak etdikləri konsertdə ifaçıların peşəkar çıxışı alqışlarla qarşılanıb.
azertag.az