Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi “Kitabi-Dədə Qorqud” dastanının Vatikan nüsxəsi “XAN” nəşriyyatının “Milli ədəbiyyat” silsiləsində çap olunacaq.
Nəşriyyatdan bildiriblər ki, İtaliyanın Vatikan kitabxanasında qorunan dastanın bu nüsxəsi XVI əsrin birinci yarısında üzü köçürülüb və bir müqəddimə, altı boydan ibarətdir. “Hekayəti-Oğuznameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə ilk dəfə əski əlifbadan müasir əlifbaya çevrilərək Azərbaycan oxucusuna təqdim ediləcək.
Abidəni transliterasiya edən, “Ön söz”, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.
Kitab Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Elmi Şurasının qərarı əsasında çapa hazırlanır.
azertag.az