“Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılıb
21.2.2018

Prezident İlham Əliyev İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə müvafiq dövlət proqramlarına uyğun olaraq, son illərdə bir sıra iri layihələr həyata keçirilmişdir və hazırda icra olunan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində sosialyönümlü layihələrin gerçəkləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bu aparılan islahatlar əhaliyə verilən içməli suyun keyfiyyətinin daha da yaxşılaşdırılmasına yönəlmişdir.

İstehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, insanların sağlamlığının və təhlükəsizliyinin qorunmasının başlıca meyarlarından biri kimi, əhalinin dövlət standartlarına uyğun keyfiyyətli içməli su ilə fasiləsiz təmin edilməsi, habelə su təchizatı xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi, istehlak edilən suyun uçotunun dəqiq aparılması və itkilərin qarşısının alınması üçün müvafiq suölçən cihazların quraşdırılması işləri həyata keçirilməkdədir.

Sərəncamda qeyd edilir ki, istehlakçıların suölçən cihazlarla təmin olunması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədi ilə məhəllədaxili, binadaxili su təchizatı sistemlərinin yenidən qurulması və məişət su sayğaclarının quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 15,0 (on beş) milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

trend.az